Boeing-737 MAX təyyarələrinin yarıdan çoxu uçuşları dayandırıb
Boeing 737 MAX təyyarələrinin uçuşlarına olan qadağaya Avropa da qoşulub.

Boeing 737
Avropa Uçuş Təhlükəsizliyi Agentliyi Boeing 737 MAX təyyarələrinin qitə üzərindən uçuşlarına qadağa qoyub.
Öncə dunyanın bir çox ölkəsi və aviaşirkəti bu qadağaya qoşulub. Bu da həmin markalı təyyarələrin yarıdan çoxunu təşkil edir.
Boeing 737 MAX – “737” seriasının 4-cü nəslidir və 2017-ci ildən istismara verilib.
Türk Hava Yolları (THY) “Boeing 737 MAX” tipli təyyarələrin istifadəsini dayandırıb.
Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, bu barədə qərar ötən gün verilib və qərar 13 mart tarixindən qüvvəyə minib.
Məlumatda deyilir ki, THY-nın təyyarə parkında ümumilikdə 12 ədəd “Boeing 737 MAX” tipli hava gəmisi var.
THY Bakı ofisinin rəhbəri Seyfullah İlyas “Report”a açıqlamasında bildirib ki, Azərbaycana uçan sərnişin təyyarələri arasında “Boeing 737 MAX” yoxdur.
Xatırladaq ki, 29 oktyabr 2018-ci il tarixində və bu il 10 mart tarixində bu tip iki təyyarə qəzaya uğrayıb. Bir sıra aviaşirkətlər hadisənin təhqiqatının nəticələri müəyyən edilməyənə qədər “Boeing 737 MAX-8” tipli təyyərələrin istismarını müvəqqəti dayandırdıqlarını bildirib.