Google qatlanan Pixel smartfon modeli üzərində işləyir
Google şirkəti öz rəqiblərindən geri qalmaq niyyətində deyil və buna görə də şirkət özünün qatlana bilən smartfon modeli üzərində çalışır.

Bu barədə şirkətin Pixel smartfon modelləri şöbəsinin rəhbəri Mario Queiroz ABŞ-ın CNET saytına müsahibəsində bildirib. Onun sözlərinə əsasən şirkət artıq uzun müddətdir ki, elastiki ekrana sahib cihazın prototipi üzərində çalışır. Təbii ki, şirkətin ilk qatlana bilən smartfon modelinin texniki göstəriciləri və onun hansı üsul ilə qatlanacağı barəsində məlumatları Mario bildirməyib.
O sadəcə qeyd edib ki, şirkətin ilk qatlanan smartfon modelini yaxın zamanda gözləmək lazım deyil. Şirkət hələki bu cür cihazların bazarını müşahidə edərək təyin edəcək ki, həmin cihazlar məşhurluq qazanacaqlarmı və ümumiyyətlə bu cür cihazların kommersiya istehsalına investisiya yatırmaq lazımdırmı və s. Əslində bu çox məntiqli səslənir. Belə ki, qatlana bilən smartfon bazarı hələ yenidir və həmin bazarda istehsal olunan cihazlar baha başa gəlir. Məsələn artıq təqdim olunmuş Galaxy Fold ilə Huawei Mate X modellərinin qiymətləri 2000$-dan başlayırlar.