Beşinci cəhddən sonra SpaceX şirkətinin Falcon 9 daşıyıcısı yeni nəsil GPS III peykini orbitə çıxardı
Daha güclü siqnal gücünə malik GPS III peykləri mülki obyektlərin yerini hazırda istifadə edilən peyklərdən üç dəfə daha dəqiq müəyyən etməyə imkan verir.

SpaceX şirkətinin Falcon 9 raketi
Elon Maskın SpaceX şirkəti Bazar günü Florida ştatında yerləşən Kanaveral kosmodromundan ABŞ Hərbi-hava quvəllərinə məxsus olan üçüncü nəsil GPS III peykini Falcon 9 daşıyıcısı vasitəsi ilə orbitə buraxdı.
Raketin buraxılması 18 dekabrda baş tutmalı idi. Ancaq startdan 7 dəqiqə öncə daşıyıcı raketin birinci pilləsində nasazlıq yarandığı üçün buraxılış təxirə salındı. Bundan sonra, qeyri-stabil hava şəraiti səbəbiylə raketin buraxılışı daha üç dəfə başqa vaxta keçirildi.
GPS III peykləri yüksək siqnal gücünə malikdirlər. Onlar mülki obyektlərin yerini hazırda istifadədə olan 3 -10 metr dəqiqliklə işləyən GPS peyklərindən 3 dəfə daha dəqiq müəyyən etməyə imkan verir. Hərbi obyektlərin yerinin müəyyən olunması daha da dəqiq olacaqdır.
Eyni zamanda, GPS III daha əvvəlki cihazlarla müqayisədə anti-müdaxilə qabiliyyətlərini əhəmiyyətli dərəcədə yaxşılaşdırmışdır. Onlar rəqiblərin mümkin siqnal susdurma müdaxiləsinə qarşı 8 dəfə daha yaxşı qoruna biləcək.
Hal-hazırda, ABŞ Hava Qüvvələri tərəfindən idarə olunan GPS xidmətlərini 4 milyarddan çox adam istifadə edir.
Space Vehicle versiyalı (Blok IIIA) ilk 10 GPS III cihazı 2023-cü ilə qədər istifadəyə veriləcək. Qalan Follow On (Block IIIF) versiyalı 22 cihaz 2025-2034-cü illər aralığında orbitə yerləşdiriləcək.
SpaceX şirkəti altı GPS III peykinin beşinin orbitə qaldırılması üçün elan edilmiş tenderin qalibidir.
Bu artıq SpaceX şirkəti tərəfindən fəzaya uğurla buraxılmış 21-ci daşıyıcı raketdir. Falcon 9 raketi 2019-cu ildən etibarən Crew Dragon kosmik gəmisi ilə birgə astronavtların orbitə göndərilməsi və geri qaytarılması üçün istifadə ediləcək.
SpaceX şirkətinin ardıcıl uğurları onun bazar dəyərini əhəmiyyətli dərəcədə artıraraq şirkəti Uber və Airbnb şirkətlərindən sonra ABŞ-ın üçüncü ən dəyərli startapı səviyyəsinə qaldırdı.