“Startup Weekend Baku Fintech” tədbiri başa çatıb.
İldə bir neçə dəfə keçirilən Startup Weekend Baku tədbiri başa çatıb. Hər dəfə fərqli sahələri əhatə edən tədbirin bu dəfəki mövzusu Fintech olub.

Tədbir ümumilikdə 54 saat davam edib. Bu müddət ərzində iştirakçılar “Startap nədir?” “Startap ideyasını necə formalaşdırmaq olar?”, “Bazar araşdırması”, “Biznes model strukturu: biznes modeli, biznes plan”, “Təqdimat bacarıqları” kimi əsas təşəbbüskarlıq anlayışları ilə tanış olublar.
Həmçinin, iştirakçılar komandalara bölünərək onlara həvalə edilmiş layihələr üzrə “Hackathon” zamanı əldə etdikləri bilikləri tətbiq ediblər.
Münsiflər heyətinin qarşısında öz layihələrini təqdim edən 6 komandadan “TheBanky”, “İrfan Təhsil Bank Xidməti” və “İnvestBank” komandaları ən yüksək bal toplayaraq qalib olublar.
Birinciliyə layiq görülən komanda “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində inkubasiya proqramı keçmək və “Startup Turkey” tədbirinə qatılmaq şansı əldə edib. 2-ci və 3-cü yerdə qərarlaşan komandalar isə “Bank Respublika” ASC və “Topla.az”dan pul mükafatları əldə ediblər.