Vladimir Zelenskiy kimdir?
Ukraynada 2019-cu ilin aprel ayında prezident seçkiləri keçirildi. Seçkilərin hər iki turunda “KVN”çi və şoumen Vladimir Zelenskiy qalib gəldi. O, 73% səslə öncəki prezident Petro Poroshenkonu xeyli geridə qoydu. Ukrayna xalqı yəhudi əsilli olan yeni prezidentə böyük ümidlər bəsləyir. Gəlin onula yaxından tanış olaq.

Vladimir Zelenskiy – Ukraynanın yeni prezidenti
Təhsili və doğma şəhəri

Vladimir Zelenskinin uşaqlıq şəkli
Vladimir Zelenskiy 25 yanvar 1978-ci ildə Krivoy Roq şəhərində anadan olub. Anası Rimma evdar xanım, atası Aleksandr isə texniki elmlər doktoru, Kiyev Milli İqtisad Universitetinin kafedra müdiri idi. Atasının işi ilə əlaqədar ibtidai təhsili Monqoliyada alıb. Məktəbi isə 1995-ci ildə öz doğma şəhəri Krivoy Roqda bitirib. Diplomat olmağı arzulayan Vladimir Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna (МГИМО) daxil olmaq istəsə də, Krivoy Roqun İqtisad İnstitutunda hüquqşünaslıq fakultəsini bitirdi. İQeyd edək ki, bundan sonra ixtisası üzrə hüç zaman işləməyib.
KVN və “Kvartal 95”
Hələ uşağlıqdan Zelenskiy məktəb tədbirlərində aktiv iştirak edib. O, məktəb ansamblının qitaristi və KVN komandasının üzvü idi. Yuxarı siniflərdə oxuyanda “Besprizornik” (Avara) teatrında çalışıb. Sonra Vladimir “Zaporojye – Krivoy Roq – Tranzit” KVN komandasına dəvət aldı.1997-ci ildə Zelenskiy dostları ilə “Kvartal 95” komandasını yaratdı. İki il sonra komanda KVN yarışmasının artıq ali Liqasında çıxış edirdi. Amma 2003-cü ildə təşkilatçılarla yaranmış mübahisə nəticəsində onlar Moskvada çıxış etməkdən imtina elədilər.
2005-ci ildən Ukraynanın İnter kanalında yayımlanan və aparıcısı olduğu “Veçerniy Kvartal” verlişi populyarlığa görə KVN və Comedy Club verlişlərini geridə qoydu. Bundan sonra onun “Kvartal 95” studiyası bir neçə uğurlu şou layihələrinə və filmlərə imza atdı.
Şübhəsizdir ki, “Sluqa naroda” filmində oynadığı prezident seçilmiş müəllim rolu onun real həyatda prezident olmasına həlledici təsir göstərib.
Siyasi mənsubiyyəti
Zelenski 2013-cü ilin “Yevromaydan” hərəkatının fəalları siyahısındadır. Onun studiyası Donbasda döyüşən Ukrayna ordusuna 1 milyon qrivna məbləğində yardım edib. Eyni zamanda Vladimir ruslarla əlaqələrin kəskin pisləşməsinin əleyhinədir və hətta rus dilinə qarşı siyasəti yumşaltmağa çağırıb. Onun fikrincə, əhali öz istədiyi dildə danışmalıdır.
Zelenskinin ailəsi

Vladimir Zelenskiy və həyat yoldaşı
Vladimir Zelenskiy evlidir. Həyat yoldaşı olan Yelena Kiyaşko onunla eyni məktəbdə paralel sinifdə oxuyub. Cütlüyün iki övladı böyüyür: qızları Aleksandra və oğulları Kiril.
Yeni prezident nə edəcək?
Bir çox politoloqların fikrincə qətiyyən sərbəst olmayan Zelenskiy məşhur oliqarx İqor Kolomoyskinin “proyektidir” və o, nə Rusiya ilə münasibətlərdə, nə də Donbass müharibəsində heç bir nəticə əldə etməyəcək. Siyasi elitanın əksəriyyəti ona qarşıdır, amma onun xalq arasında populyarlığı böyükdür. Xarici siyasətdə çox da şansı olmayan yeni prezidenti gözləyən əsas sınaq xalqın sosial rifahını yaxşılaşdırmaqdır. Daxili siyasətdə əldə edə bilməsə yaxın zamanda onun populyarlığından əsər-əlamət qalmayacaq.